суббота, 18 февраля 2012 г.

Microsoft şirkəti Windows 8 üçün yeni loqosunu təqdim etdi.

Microsoft şirkəti nəhəng bir şirkətdir, və onun məhsullarını bütün komüter istifadəçiləri tanıyır. Buna səbəb isə dünyada ən çox istifadə olunan kompüter ƏS (əməliyyat sistemi) - bu şirkətin məhsulu olan Windows-dur.

Microsoft şirkəti yeni Windows 8 ƏS üçün yeni loqosunu təqdim etdi. Yeni dizayn tamamilə Windows 8 ƏS-nin konsepsiyasını əks etdirir. Yəni mobil dünyaya istiqamətini, Metro-stil və s.



Maraq üçün, Microsoft şirkətinin tarixcəsinə nəzər salaq və Windows ƏS-nin loqolarını bir daha yadımıza salaq.




Windows 1


Windows 3.1


Windows 95 
Bu versiya Microsoft şirkətinin ilk tam sərbəst qrafik interfeysli ƏS idi. Bundan əvvəlkilər MS-DOS ƏS üzərində işləyirdilər.



 Windows 98


Windows Me



Windows XP


Windows Vista


Windows 7




Bu isə Microsoft-un server yönlü ƏS-nin loqoları idi.

Windows NT 3.5 , 4.0


Windows 2000



Windows 2003




Windows 2008






суббота, 11 февраля 2012 г.

Lətifələr - 4

Gömrükdə:
- Sizin pasportunuzdakı şəkildə problemlər var.
- Nə problem? Odur-e, mən soldan ikinciyəm.

* * *

Arvad güzgüdə özünə baxaraq ərinə deyir:
- Mənə elə gəlir ki, mən çox eybəcərəm. Mənə bi kompliment de.
- Həyatım, sənin çox iti görmə qabiliyyətin var.

* * *

- Qəşəng qız, siz çoxdan ağ at üstündə gələn şahzadəni gözləyirdiniz?
- Düzdür.
- Baxın, mən gəldim.
- Əla, bəs şahzadə hanı?

* * *

- Bilmirsən, İlqar Xəyalə ilə barışdılar?
- Onlar istərdilər, amma alınmır. İlk addımı heç kim atmır.
- Niyə?
- Çünki onların yadından çıxıb, niyə küsüblər.

* * *

Qadın məntiqi:
- Yaxşı gəl barışaq. İkimizdə günahkarıq. Əsasən də sən...

* * *

- Fuu, yediyin almanın içində qurd görməkdən iyrənc bir şey varmı?
- Var. Yediyin almanın içində qurdun yarısını görmək.

* * *

- Ana, sən uşaq olanda kompüterin var idi?
- Yox.
- Bəs ayfon?
- Yox.
- Bəs mobil telefon?
- Yox.
- Ana, sən dinozavrları görmüsən?

* * *

- Sənin tutuquşun necədir?
- Yazıq öldü.
- Niyə? Qocalmışdı?
- Yox. Mən evlənəndən sonra ürəyi dözməyib partladı. Arvadımın monoloqlarının arasına bir söz belə sala bilmirdi.

* * *

- Anacan! Ərim mənim xətrimə dəyib. Mən sənin yanına qayıdıram!
- Yox qızım, onu cəzalandırmaq lazımdır. Mən sənin yanına gəlirəm.

* * *

İki rəfiqə söhbət edirlər:
- Mənim balacam gecələr ağlayanda, mən ona lay-lay oxuyuram, o da yatır.
- Mən də əvvəllər bu cür edirdim. Sonra qonşular mənə dedilər - "Xəyalə, qoy elə körpən qışqırsın"

* * *

Müəllimə riyaziyyat dərsində şagirddən soruşur:
- Bax, misal üçün sənin 5 manat pulun var. Atandan 2 manat da istədin. Səndə nə qədər pul olacaq?
- 5 manat.
- Bala yaxşı fikirləş?
- 5 manat müəllimə. Siz mənim atamı yaxşı tanımırsız.

* * *

Balaca Samirədən soruşurlar:
- Sənin iki dənə armudun var. Yarısını verərsən qaqaşa. Neçəsi qalacaq?
- Bir yarım.

* * *

Otaqdan uşaq səsi gəlir:
- Anaa, Anaa, Anaaa!
- Bala nə qışqırırsan. Mən mətbəxdəyəm. Gəl bura və adam kimi sözünü de.
Uşaq gəlir və deyir:
- Ana, mən təsadüfən qaqaşın qarşokunu tapdaladım.

* * *

Ana təzə ərə gedən qızından soruşur:
- Ərin sənə necə baxır?
- Ondan çox razıyam. Nə istəsəm alır.
- Deməli az istəyirsəm.

* * *

Həkim:
- Başa salın, axı arvadınız necə dəli oldu?
- Bilirsiz. Biz dağlara istirahətə getmişdik. Orada qəşəng əks-səda var idi. Arvadım isə öyrəşib ki, həmişə axırıncı söz onun olmalıdır.

* * *

Ər arvadına:
- Sən lap uşaq kimi danışırsam.
- Mən belə danışıram ki, sən başa düşəsən.

* * *

İki qoca qadın skamyada oturub söhbət edirlər
- Bura bax, sənin yadında deyil mənim adım nədi?
Bir müdət fikirləşdikdən sonra o birisi deyir.
- Yadımda deyil. Amma evdə kitabçaya yazmışam. Baxıb deyərəm. Bəs sənin yadında deyil, mənim evim hardadır?

* * *

Banka oğrular basqın edir.
- Tərpənməyin! Kassadan pulları çıxardın. Müştərilər, siz isə ciblərinizi boşaldın.
Bu zaman müştərilərdən biri yanındakına gizlincə 100 manat uzadıb deyir:
- Yadıma düşdü, mənim sənə yüz manat borcum var idi.

* * *
Əziz Quql, xahiş edirəm, özünü mənim arvadım kimi aparma. İcazə ver cümlələrimi özüm tamamlayım.

* * *

- Əla, sən nə yaxşı arıxlamısan! Yeni dietadı?
- Hə, kök, çüğündür, kartof...
- Bişirirsən, yoxsa qaynadırsan?
- Qazıram.

* * *

- Bakıda soyuq hava gözlənilir.
- Sinoptiklərin proqnozudu?
- Yox, energetiklərin.

* * *

- Vaay. Duz dağıldı. Davamız olacaq.
- Əzizim, bəlkə dava bizdən yan keçər.
- Yox həyatım. Mən artıq davaya kökləndim.

* * *

Dəlixanada həkim krosvord həll eləyir:
- Həə.. Napoleonun doğulduğu ada ...
Sonra xəstələrdən birinə baxıb soruşur:
- Bura bax, Napoleon. Sən harda doğulmusan?

* * *

Bir nəfər cin olan butulka tapır:
- Elə et ki, mən əbədi yaşayım.
- Bağışla, mənim ağam. Lakin mənim bu cür arzuları yerinə yetirməyə səlahiyyətim çatmır.
- Yaxşı, onda elə et ki, mən Azərbaycan futbol üzrə dünya çempionu olanda ölüm.

* * *

Bir gülməli lətifə - 15 dəqiqə iş vaxtından ayrılmış ömür deməkdir.




Ötən səhifələrdə lətifələr:
Lətifələr - 3 http://mohammed-shukur.blogspot.com/2011/03/anekdot.html
Lətifələr - 2  http://mohammed-shukur.blogspot.com/2011/03/anekdot-2.html
Lətifələr - 1 http://mohammed-shukur.blogspot.com/2011/02/anekdot-1.html

Delphi-nin 17 yaşı tamam olur

14 fevral 1995 -ci ildə Software Development Conference 95 West konferensiyasında ilk dəfə Borland şirkəti öz Delphi adlı məhsulunu təqdim etmişdi.


Software Development Conference 95 West konferensiyasında

Çoxunuz yəqin ki Delphi haqqında çox sayda "Delphi məhv olub" sözlərini eşitmisiniz. Çoxlarını da bu sözlər nostalji hisslərinə qapılaraq kədərlənməyə məcbur edir. Elə mən də ilk Windows proqramlarımı Visual Basic və Dephi-də yazmışdım. Təbii ki, dil və IDE məhv olmayıb. Sadəcə bu dilin proqramçılar arasında etibardan düşməsindən söhbət gedir.


Mən bu fikri şərh etmək istəməzdim. Mən özüm də daha çox C++/Java/C# silsiləsinin tərəfdarıyam. Sadəcə mənə də elə gəlir ki, Delphinin "qara piar"ı həqiqəti bir az üstələyir.

Bəli düzdür, Delphini çox proqramçı istifadə edirdi, ona bağlanmışdı, çoxlu sayda hazır kod, OCX və DLL komponentləri mövcud idi, və birdən birə yanlış marketinq nəticəsində Delphi "yetim" kimi ortada qaldı və öz mövqeyini əldən verdi. Bu isə sınmış ümidlər və s. emosional hisslərlə dolu olan proqramçıları bu dildən nəinki imtina etməyə, hətta onun dalınca qara daş yağdırmağa belə sövq elədi. Bunun üçün də əsaslar az deyildi. Və nəticədə - başqa dillər çox irəlilədilər. Delphi isə geri qaldı. Amma Delphinin ölüm xəbərinə hələ var.






Hal-hazırda Emracadero Delphi XE2 məhsulunu təqdim edir. Bu məhsulun krossplatformalı proqram yazmaq üçün FireMonkey -ni üstün cəhəti kimi tərifləyir. Doğrudan da,  FireMonkey, .NET və Java-dan fərqli olaraq (orada aralıq virtual kod istifadə olunur),  təbii maşın kodunu yaradır. Amma hələ ki krossplatformalı Delphi yalnız Windows, Mac OS və iOS üçün nəzərdə tutulub.

http://www.embarcadero.com/products/delphi

Təəssüf ki, yenə də markitinq problemləri qalıb. Hələ dil imkanları baxımından geri qalan Delphi (AOP, asanlaşdırılmış thread, LINQ, ...) üstəlik baçlanğıc versiyası Starter də pulludur. Nəzərə alsaq ki, Java IDE-lərin əksəruiyyəti pulsuzdur, C# üçün Visual Studio Express pulsuzdur, C++ üçün krossplatformalı IDE-si Qt pulsuzdur (üstəlik bu platforma təbii maşın kodlarını yaradır), bu çox təəccüblüdür.

Yenə də Delphi yanlış marketinqin qurbanı olacaq?
Yaşayarıq - görərik.

суббота, 28 января 2012 г.

C# dərsləri azərbaycan dilində. 11-ci dərs.

Salam,
Növbəti C# dərsimizə başlayırıq.

C# dərsləri. 11-ci dərs.

 Tiplər (1-ci hissə)


C# dili sərt (ciddi) tipləşdirilmiş dilidir. Yəni tiplərə ciddi fikir verən dildir, onların uyğunsuzluğuna imkan yaratmır. Nəticədə proqramçının səhvləri hələ kompiyasiya zamanı üzə çıxır. Bu isə böyük “baş ağrısından” bizi qoruyur.

Deməli, C# dili bizdən hər bir yeni yaratdığımız dəyişənin tipini daxil etməyimizi tələb edir. Biz dəyişənin tipini daxil etməklə, kompilyatora bu dəyişən üçün nə qədər yaddaş ayrılmasını, bu dəyişənin xüsusiyyətlərini bildiririk.

Tiplər C# dilinin tərkibində olan və ya istifadəçinin yaratdığı yeni tiplər olur.

Gəlin dilin tərkibində olan tiplərə nəzər salaq.



Gördüyünüz cədvəldə bütün tiplər C# dilinin tərkibində olan tiplərdir.

Rəqəmsal tiplər iki hissəyə bölünür – tam ədələri və kəsr ədədləri əks etdirən tiplər. Tam ədədi əks etdirən tiplər bit həcminə görə fərqlənir, yəni təbii ki çox-bitli tip daha böyük bir ədədi özündə saxlaya bilər. Hər bit həcmində olan tiplər də iki cür olur, işarəli və işarəsiz. Misal: int işarəli ədələri ifadə edə bilir (0, 564, -854546, ...). uint tipi isə yalnız müsbət ədələri ifadə edə bilər (0, 648, ...). Kəsr ədələri ifadə edən tiplərdən double tipi float-dan böyuk həcmə malikdir. decimal isə həcmdə böyük olan tipdir, və o yalnız yüksək dəqiqlik tələb edən hesablamalarda istifadə olunur (məs: riyaziyyat, bank hesablamaları, aeronaviqasiya və s.).


Qayda: daha iri həcmli tipdən olan dəyişənin qiymətini ondan balaca həcmli olan tipli dəyişənə vermək olmaz! Yalnız tərsinə olar. 






Qeyri-rəqəmsal tiplərdən char tipi Unicode simvolları ifadə edən tipdir (‘ə’, ‘ğ’, ‘2’, ‘!’, ...). 


bool tipinin isə iki qiyməti ola bilər – truefalse. Bu məntiqi tipin köməyi ilə müxtəlif məntiqi əməliyyatlar etmək olar – müqayisə, yoxlama və s. 




Aşağıdakı cədvəl bu tiplər haqqında ətraflı məlumat verir:




.NET aləmində tiplərin adını bilmək sizə vacibdir, lakin onlardan nadir hallarda istifadə olunur. Bu adlar başqa dildə .NET üçün yazılmış proqramlardan istifadə edəndə və başqa hallarda lazım ola bilər. Lakin, C# dili qeyd etdiyimiz kimi tamamile obyekt yönlü dildir, ona görə bu dilin tipləri də obyektdir. Yəni misal üçün Java dilindən ( C#-ın böyük qardaşı) fərqli olaraq tipləri obyekt örtükləri ilə əvəz etmək lazım olmur.





Bu dediklərimi siz indi tam anlamasanız da narahat olmayın. Klassları keçəndə hər şey aydın olacaq. İndi isə bilin ki  C# dilinin tiplərinin .NET ləqəbləri var, və onlarla tanış olsanız yaxşı olar.



Bir fikri də qeyd etmək lazımdır. Sual oluna bilər ki, niyə bu qədər fərqli həcmdə rəqəmsal tiplər var. Elə ən böyüyünü götürək, istifadə edək, kifayətdir. Məsələ burasındadır ki, proqramçı iri həcmli proqram yazarkən kompüterin operativ yaddaşının məhdüdlüğünü hər zaman yadda saxlamalıdır və israfa yol verməməlidir. Balaca proqramlarda isə bu əhəmiyyətli deyil, ona görə də biz hələ ki double və int tiplərindən istifadə edəcəyik.


İkinci hissədə biz tiplərin qiymət və ünvan növləri haqqında bəhs edəcəyik, inşəallah.

вторник, 30 августа 2011 г.

Müqəddəs Ramazan bayramınız mübarək!




Azərbaycan xalqını bü müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm.
Bu dünyanın nemətlərindən xalqımıza iman, sağlamlıq və sevinc, sülh və əmin-amanlıq, halal ruzi və bərəkət arzulayiram. Axirət üçün isə Allahın mərhəmətinə qovuşaraq Cənnət rahatlığı və əbədi sevinci arzulayıram. Oruc tutanların orucu qəbul olsun, dua edənlərin duası müstəcab olsun, inşəallah! Allah bizləri bu gözəl ayda nazil olan Qurani-Kərimi oxuyanlardan və ona əməl edənlərdən qərar versin, inşəallah! Amin!





P.S. Axır aylarda işlərim çox olduğundan bloqumda yazılarımı dayandırmalı oldum. Ümid edirəm ki, inşəallah, bir müddətdən sonra bir az boşalacam və yazdığım dərslərə davam edəcəm.

воскресенье, 1 мая 2011 г.

İnternetdə Azərbaycan dilində dərslər - 5


Salam,

İnternetdə azərbaycan dilində olan dərsləri axtarıram. İstəyirəm dərslər tapım, və onların siyahısını öz bloqumda yerləşdirim.
Fikirləşirəm ki, hər kəs virtual aləmdə doğma dilimizdə dərslər yazıb istifadəçilərə təqdim edirsə, dəstəklənməlidir. Arzulayıram ki, Azərbaycan dilində dərslər çoxalsın. Millətimizin də azəricə online mənbələrdən maariflənmə imkanları genişlənsin.


Bu mövzuya davam edirəm.

Daha bir maraqlı saytla rastlaşdım. O, http://www.shagird.info/ linkdə yerləşir. Adında isə Shagird.az qeyd olunub. Bu sayt haqqında özüm yazmaq istədim, lakin onlaın özləri haqda dediklərini burada qeyd etsəm, tam kifayəttdir.

"Salamlar!
Bizim bu saytı yaratmaqla özümüz üçün xobbi kimi seçdiyimiz internet dizayn və proqramlaşdırmanın xeyriyyəçilik naminə istifadə olunmasını istəmişik. Kiçik bir kollektiv olaraq, biz istəyirik ki, Azərbaycan dilində olan, informasiya ilə dolğun bir sayt yaradaraq, insanlara yardım edək.
Ümidvaram bu sayt Sizlərə yardım edəcək!
Hörmətlə, Shagird.az"

Mən isə onlara bu işdə uğurlar arzulayıram.



Bundan əvvəl tapdığım internetdə yerləşdirilən dərslər siyahısına bloqumun bu səhifələrində baxa bilərsiniz -
  "İnternetdə Azərbaycan dilində dərslər - 4" -  http://mohammed-shukur.blogspot.com/2011/04/internetde-azerbaycan-dilinde-dersler-4.html
  "İnternetdə Azərbaycan dilində dərslər - 3" - http://mohammed-shukur.blogspot.com/2011/03/internetd-azrbaycan-dilind-drslr-3.html
  "İnternetdə Azərbaycan dilində dərslər - 2" - http://mohammed-shukur.blogspot.com/2011/03/in-2.html

суббота, 23 апреля 2011 г.

İnternetdə Azərbaycan dilində dərslər - 4


Salam,

İnternetdə azərbaycan dilində olan dərsləri axtarıram. İstəyirəm dərslər tapım, və onların siyahısını öz bloqumda yerləşdirim.
Fikirləşirəm ki, hər kəs virtual aləmdə doğma dilimizdə dərslər yazıb istifadəçilərə təqdim edirsə, dəstəklənməlidir. Arzulayıram ki, Azərbaycan dilində dərslər çoxalsın. Millətimizin də azəricə online mənbələrdən maariflənmə imkanları genişlənsin.


 Bu mövzuya davam edirəm.


Azərbaycanda ən azı mən rastlaşdığım proqramlaşdırma haqqlnda hansısa mərhələnin bütöv kursunun ilk video dərsləri işıq üzü gördü. Bu çox sevindirici haldır. Bu kursu hazırlayan Əliyev Nəsirdir. Mündəricatından göründüyü kimi bu kursda TurboPascal haqqında lazımi məlumatlar verilir.


1.Giriş

İlkin nəzəri hissə:
2.Kompilyator,Kompilyatorun işləmə prinsipi,Kompüterinizə Turbo Pascal Kompilyatorunun yüklənməsi.
3.İdentifikatorlar,Açar Sözlər.
4.Dəyişənlər,Tiplər.
5.Turbo Pascal-da riyazi əməllər və müqayisə əməlləri.
6.Turbo Pascal-da proqramın quruluşu (strukturu).

Praktiki hissə:
7.Writeln, Readln Operatorları və onlarla iş.
8.Sabitlərin, Dəyişənlərin elan olunması və işlənməsi.
9.İF şərt operatoru və istifadəsi.
10.Şərt zamanı And , OR açar sözlərindən istifadə.
11.Bəzi lazımlı Funksiyalar və Kvadrat tənliyin həll edilməsi alqoritmi.
12.CASE operatoru.
13.Dövr operatorları.FOR Dövr operatoru.
14.Ön şərtli WHILE , son şərtli REPEAT dövr operatorları.
15.Birölçülü massivlər.
16.İkiölçülü massivlər
17.Simvol tipi,Sətr tipi.
18.Sətrlərlə iş üçün Funksiya , Prosedurlar.
19.İstifadəçi Alt proqramları (Funksiya , Prosedurlar) və onların yaradılması.
20.Turbo Pascalda mtandart modullar.
21.Modulların Strunkturu və yaradılması.
22.Fayllar,Məntiqi və Fiziki fayl.
23.Fayllarla iş.
24.Yazı tipi,WITH instruksiyası.
25.Çoxluqlar və onlarla iş.


Düzdür, mən özüm bu video-kursu izləməmişəm, lakin inanıram ki Əliyev Nəsirin dərsləri bu dili öyrənib proqramlaşdırmaya başlamaq istəyənlər üçün çox faydalı olar. Üstəgəl münasib qiyməti var - 15 manat.

Daha geniş məlumatı bu linkdən əldə edə bilərsiniz:  http://coder.az/dvd/1/index.php


Bundan əvvəl tapdığım internetdə yerləşdirilən dərslər siyahısına bloqumun bu səhifələrində baxa bilərsiniz -
  "İnternetdə Azərbaycan dilində dərslər - 3"  - http://mohammed-shukur.blogspot.com/2011/03/internetd-azrbaycan-dilind-drslr-3.html 
 "İnternetdə Azərbaycan dilində dərslər - 2" -  http://mohammed-shukur.blogspot.com/2011/03/in-2.html